Xəbərlər
Novruz bayramı ölkəmizdə qeyd edilib
Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilib.
Bu münasibətlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə respublikanın müxtəlif bölgələrində uşaqlar üçün bayram şənlikləri keçirilib, azyaşlılara unudulmaz anlar bəxş olunub.
Tədbirlərin məqsədi gələcəyimiz olan uşaqların asudə vaxtını səmərəli təşkil etməklə yanaşı, zəngin milli adət-ənənələrimizin və mənəvi dəyərlərimizin gənc nəslə aşılanması, onlarda Novruzun yaratdığı birlik və sevinc ruhunun yüksəldilməsidir.
Bayram proqramlarında şəhid övladlarının iştirakı xüsusi diqqətdə saxlanılıb. Eyni zamanda uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum uşaqlarla görüşlər keçirilib, onlarla bayram sevinci bölüşülüb. Tədbirlərdə çıxış edən AHİK nümayəndələri Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə beynəlxalq müstəvidə Novruz bayramının tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin ölkəmizdə uşaqların sağlam və firavan böyüməsi, Vətənə sədaqət ruhunda yetişməsi üçün yaradılan şəraitdən danışıblar. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların rifahına yönəlmiş sosial-humanitar təşəbbüslərinin əhəmiyyəti vurğulanıb, mədəniyyət və incəsənətlə bağlı layihələrinin Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rolundan bəhs olunub.
Elm və Təhsil İşçilərin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsi də 38 üzv təşkilata 800 ədəd Novruz bayramı şənliklərinə bilet paylayıb.



