Xəbərlər
Novruz sevinci təhsil ocaqlarında davam edir

Rayonun körpələrinə sevinc bəxş edən Novruz şənlikləri məktəbəqədər təhsil müəssisələrində və ümumtəhsil məktəblərində böyük coşqu ilə davam edir. Baharın gəlişini simvolizə edən bu gözəl bayram günlərində uşaqların sevinc dolu anları tədbirlərə xüsusi rəng qatır.
Şənliklərdə balacalar milli geyimlərdə çıxış edir, Novruzun əziz personajları olan Kosa və Keçəlin iştirakı isə tədbirləri daha da maraqlı və yaddaqalan edir. Onların şən zarafatları, uşaqlarla qurduqları səmimi ünsiyyət tədbirlərə xüsusi ruh verir.
Uşaqların ifasında səslənən şeirlər, mahnılar, rəqslər, eləcə də Novruz adət-ənənələrinin canlandırılması həm valideynlər, həm də müəllimlər tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanır. Bu cür tədbirlər balacalarda milli-mənəvi dəyərlərə bağlılığın formalaşmasında mühüm rol oynayır.
Təhsil müəssisələrində təşkil olunan Novruz şənlikləri bir daha göstərir ki, gələcəyimiz olan uşaqlarımız milli ruhda, zəngin ənənələrimizə bağlı şəkildə böyüyürlər. Onların sevinc dolu baxışları isə bu bayramın ən gözəl təzahürüdür.
Novruzun bərəkəti, sevinc və istiliyi hər evə, hər ürəyə dolsun/







