Xəbərlər
Oktyabrın 12-i II Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC-in “İqtisadiyyat və idarəetmə ” fakültəsinin məzunu Ələkbərov Əlinin doğum günü idi. Yaşasaydı 40 yaşı olacaqdı.

Şəhidimizin doğum günü münasibətilə onun ailə üzvləri, “İqtisadiyyat və idarəetmə ” fakültəsinin dekanı i.f.d Eyvazov Elçin , UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Həsən Həşimov, fakültənin müəllim heyəti və fəal tələbələr məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.Xırdalan şəhər Heydər Əliyev mərkəzində şəhidin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir zamanı şəhidin övladları həmçinin, məktəblilər çıxış edərək vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa ediblər. Həmçinin tədbir iştirakçılarına şəhidlərin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub. Tədbir boyu şəhidlərin qəhrəmanlığı və Vətənə olan sevgisi xüsusi vurğulanıb
Əli Ələkbər oğlu Ələkbərov 1985-ci il oktyabrın 12-də Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ailəsi ilə birlikdə Bakıda yaşayıb. 1992-2003-cü illərdə Binəqədi rayon Famil İskəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub. 2007-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanan gündən Binəqədi rayon Hərbi komissarlığına müraciət edərək, könüllü kimi oktyabrın 5-də orduya çağırılıb. Orduya getməsi barədə ailəsinə məlumat verməyən Əli, manqa komandiri olaraq Tərtər – Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənə qarşı şücaətlə döyüşüb. Oktyabrın 17-də həmin döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi noyabrın 11-də neytral zonadan tapılıb.
21 noyabr 2020-ci ildə Xırdalan şəhər qəbiristanlığında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ruhları şad, məkanları cənnət olsun!













