Xəbərlər
Oktyabrın 21-də Sumqayıt Dövlət Universitetinin (SDU) təşkilatçılığı ilə '“Gənclər arasında zərərli vərdişlərlə mübarizə və profilaktika” mövzusunda maarifləndirici tədbir keçirilib.

Oktyabrın 21-də Sumqayıt Dövlət Universitetinin (SDU) təşkilatçılığı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Narkoloji Dispanserinin birgə əməkdaşlığı ilə “Gənclər arasında zərərli vərdişlərlə mübarizə və profilaktika” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təşviqi və profilaktik tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.
SDU-nun rektoru, professor Nurəli Yusifbəyli çıxışında təhsil müəssisələrinin gənc nəslin intellektual inkişafında, dünyagörüşünün formalaşmasında və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsində mühüm rolunu vurğulayıb. O, milli-mənəvi dəyərlərə sadiq, dövlətçilik prinsiplərinə hörmətlə yanaşan, müasir bilik və kompetensiyalara yiyələnmiş şəxsiyyətlərin yetişdirilməsinin təhsil sisteminin prioritet istiqamətlərindən olduğunu bildirib. Rektor, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edərək, gənclərin zərərli vərdişlərdən qorunmasında maarifləndirmə və profilaktik tədbirlərin vacibliyini vurğulayıb.
Daha sonra zərərli vərdişlərin fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.
Sumqayıt Şəhər Narkoloji Dispanserinin baş həkimi Vüsal Cabbarov çıxışında asılılıq yaradan maddələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına mənfi təsirlərindən bəhs edib. O, asılılığın qarşısının alınmasında risklərin erkən müəyyənləşdirilməsinin, tibbi maarifləndirmənin və profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, gənclərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinə təşviq edilməsi və riskli davranışların qarşısının alınması bu sahədə profilaktik işin əsas istiqamətlərindəndir.
Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev çıxışında narkomaniyanın müasir cəmiyyətin ciddi sosial problemlərindən biri olduğunu bildirərək, onun insan sağlamlığına, ailə institutuna, ictimai təhlükəsizliyə və xüsusilə gənclərin gələcəyinə yaratdığı təhdidlərdən danışıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinin təkcə fərdi sağlamlığa deyil, bütövlükdə cəmiyyətin sosial rifahına və təhlükəsizliyinə mənfi təsir göstərdiyini vurğulayıb.
Natiq xüsusilə sosial şəbəkələr və internet platformaları vasitəsilə gənclərin narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb olunması hallarına diqqət çəkib. Qeyd edib ki, müxtəlif iş və qazanc vədləri ilə gənclərin aldadılması, onların narkotik vasitələrin daşınması və yayılması prosesində vasitəçi kimi istifadəsi ciddi hüquqi nəticələrə səbəb ola bilər. Bu baxımdan gənclərin şübhəli təkliflərə qarşı diqqətli olması, şəxsi məlumatlarını və hesablarını qoruması, hüquqi məsuliyyətlərini dərk etməsi mühüm əhəmiyyət daşıyır.
Polis idarəsinin rəisi narkomaniyanın qarşısının alınmasında maarifləndirmə tədbirlərinin, sağlam həyat tərzinin təşviqinin və erkən profilaktikanın rolunu xüsusi vurğulayıb. O, gənclərin zərərli vərdişlərdən qorunmasında ailənin, təhsil müəssisələrinin, hüquq-mühafizə orqanlarının və bütövlükdə cəmiyyətin birgə fəaliyyətinin vacibliyini qeyd edib. Bildirib ki, narkomaniyaya qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalı, eyni zamanda gənclərin düzgün istiqamətləndirilməsini, onların sosial məsuliyyətinin və hüquqi biliklərinin artırılmasını əhatə etməlidir.
Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.










