Xəbərlər
Ölməz Dahi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin daim uca tutulması, onun zəngin dövlətçilik irsinin və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərinin gənc nəslə və ictimaiyyətə çatdırılması məqsədilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən silsilə tədbirlər davam etdirilir.
Bu çərçivədə ETİHİ Ağstafa rayon komitəsinin təşkilatçılığı ilə komitə üzvlərinin və Vətən müharibəsi veteranı olan qazilərimizin iştirakı ilə Ağstafa şəhərində yerləşən Heydər Əliyevin abidəsi ziyarət olundu. Ziyarət zamanı Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülərək onun əziz və unudulmaz xatirəsi dərin ehtiramla yad edildi. Tədbir iştirakçıları qeyd etdilər ki, müasir müstəqil Azərbaycanın memarı olan dahi şəxsiyyətin siyasi kursu bu gün də uğurla davam etdirilir və ölkəmizin inkişafının əsasını təşkil edir.
Daha sonra nümayəndə heyəti Heydər Əliyev Mərkəzini ziyarət etdi. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, fotoşəkillər, tarixi sənədlər və müxtəlif guşələrlə yaxından tanış olundu. Burada iştirakçılara məlumat verildi ki, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, təhsil sisteminin inkişafı və ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində gördüyü işlər xalqımızın tarixində mühüm yer tutur.
Veteran qazilərimiz də çıxış edərək bildirdilər ki, bu gün Azərbaycanın qazandığı bütün uğurların təməlində məhz Ulu Öndərin müəyyən etdiyi siyasi xətt dayanır. Onlar xüsusilə qeyd etdilər ki, Azərbaycan gəncliyinin və vətənpərvər ruhda yetişən nəslin formalaşmasında Heydər Əliyev məktəbinin mühüm rolu vardır.
Tədbirin əsas məqsədi Ümummilli Liderin zəngin irsinin təbliği, gənclər və ictimaiyyət arasında vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, eyni zamanda şəhid ailələri və qazilərimizə göstərilən diqqət və qayğının bir daha nümayiş etdirilməsi olmuşdur. ETİHİ Ağstafa rayon komitəsi bundan sonra da dövlətçilik ənənələrinin təbliği, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində tədbirlərini davam etdirəcəkdir















