Xəbərlər
Özbəkistanda Azərbaycan Universitetlərinin təhsil sərgisi keçirilib

27–31 may 2025-ci il tarixlərində Azərbaycan Elm və Təhsil Nazirliyinin və Özbəkistan Elm və İnnovasiyalar Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistan Respublikasının paytaxtı Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisi baş tutub. Sərgidə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) tərəfdaş qismində iştirak edib. Tədbir Azərbaycan ilə Özbəkistan arasında elm və ali təhsil sahəsində əlaqələrin dərinləşdirilməsi məqsədilə, Azərbaycan–Özbəkistan Hökumətlərarası Komissiyasının 13-cü iclasında qəbul olunmuş qərarların icrasına uyğun olaraq reallaşdırılıb. Sərgidə ölkəmizi 17 ali təhsil müəssisəsi təmsil edib. Ziyarətçilərə müxtəlif ixtisas sahələri üzrə təhsil imkanları, maliyyə dəstəyi proqramları və ölkəmizdəki tələbə həyatı barədə geniş məlumat verilib. Açılış mərasimində Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev çıxış ediblər. Onlar elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın önəmini qeyd edərək, sərginin mədəni və akademik əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni xüsusi vurğulayıblar. ATİAHİ nümayəndə heyətinə Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev rəhbərlik edib. Komitənin məsul əməkdaşları və Tələbə Həmkarlar İttifaqı Komitələrinin (THİK) təmsilçiləri sərgi çərçivəsində keçirilmiş təqdimatlarda və görüşlərdə fəal iştirak ediblər. ATİAHİ olaraq, Azərbaycan təhsilinin beynəlxalq aləmdə tanıdılması və tələbə mobilliyinin inkişaf etdirilməsi istiqamətində üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə davam edəcəyik.











