Xəbərlər
Payız semestrinin qış imtahan sessiyasında yüksək nəticə göstərən tələbələrlə görüş keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova 2025–2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyasında yüksək nəticələr göstərən tələbələrlə görüşüb.
Görüşdə qeyd olunub ki, imtahan sessiyasının yekunlarına əsasən 147 tələbə əlaçı, 2000-ə yaxını isə zərbəçi adını qazanıb.
AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili çıxış edərək bildirib ki, universitet tələbələri təhsillə yanaşı, müxtəlif sahələrdə də uğurlu nəticələr əldə ediblər. Belə ki, AzMİU-nun Debat klubu respublika çempionu olub, tələbələr beynəlxalq hakatonda mükafata layiq görülüblər. Tələbə Gənclər Təşkilatı isə ilin ən aktiv TGT-si seçilib. Bundan əlavə, universitet tələbələri müxtəlif yarışlarda 2 qızıl və 2 bürünc medal qazanıblar.
Rektor, professor Gülçöhrə Məmmədova tələbələri salamlayaraq onları əldə etdikləri uğurlar münasibətilə təbrik edib, təhsildə fərqlənən tələbələrlə görüşün universitet rəhbərliyi üçün hər zaman xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, belə görüşlər yalnız tələbələrin nailiyyətlərinin qiymətləndirilməsi baxımından deyil, həm də universitetin inkişafı üçün vacib ideya və təkliflərin formalaşması baxımından mühüm rol oynayır.





