Xəbərlər
Pedaqoji Şuranın iclası: Hesabatlar dinlənildi, müəllimlər mükafatlandırıldı

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 167 nömrəli tam orta ümumtəhsil məktəbində Pedaqoji Şuranın növbəti iclası baş tutub. İclasda ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, məktəbin direktoru Taleh Quliyev, direktor müavinləri və pedaqoji kollektiv iştirak ediblər.
Tədbirdə məktəb rəhbərliyinin ötən tədris ili üzrə hesabatı dinlənilib; təhsil müəssisəsinin fəaliyyəti, əldə olunan akademik nəticələr və yeni tədris ilində qarşıda duran prioritet vəzifələr geniş müzakirə olunub.
İclasda çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli pedaqoji heyəti yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. R.İbrahimli müəllimlərin müraciət və təkliflərini dinləyib, onları maraqlandıran sualları ətraflı cavablandırıb.
Daha sonra sertifikasiya imtahanında yüksək göstəricilər nümayiş etdirən 40 müəllim ETİHİ Yasamal Rayon Komitəsi tərəfindən Fəxri Fərmanla təltif edilib. Təltif olunan pedaqoqların nailiyyətləri kollektivin ümumi uğuru və nümayəndəliyin yüksək peşəkarlıq göstəricisi kimi dəyərləndirilib.
Görüş çərçivəsində, həmçinin fəaliyyətə yeni başlayan gənc müəllimlərlə də dialoq təşkil olunub. Onlara şərəfli və məsuliyyətli pedaqoji fəaliyyətlərində uğurlar arzulanıb.
İclas qarşılıqlı fikir mübadiləsi və konstruktiv müzakirələrlə yekunlaşıb.








