Xəbərlər
Peşə liseyində tədbir keçirilib

16 noyabr 2026-cı il tarixində Sübhan Cəbrayılov adına Salyan Peşə liseyində Salyan Rayon İcra Hakimiyyətinin, Salyan rayonu üzrə Gənclər və İdman sektorunun, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin və Peşə Liseyinin birgə təşkilatçılığı ilə "17 Noyabr-Milli Dirçəliş Günü" münasibətilə "Milli Dirçəlişdən - Qüdrətli Azərbaycana"adlı tədbir keçirilib.
Tədbirdə Ümumilli Lider Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Salyan Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Sevinc Səmədova, liseyin direktoru Arzu Əliyeva, tarixçi-tədqiqatçı Sahib Həsənov, Salyan rayonu üzrə Gənclər və idman sektorunun baş məsləhətçisi Əlişir Əliyev, ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova mövzu ilə bağlı çıxış edərək bildiriblər ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. Bu yolda ölkəmiz böyük uğurlar əldə edərək Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevrilib.
ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova çıxışında qeyd edib ki, təhsil işçiləri olaraq bizim vəzifəmiz bu tarixi yaşatmaq, xüsusilə gənc nəslə Vətənə bağlılıq, milli birlik, dövlətçilik düşüncəsi və məsuliyyət hissi aşılamaqdır. Çünki tarixini bilən, milli dəyərlərinə sahib çıxan , Vətənini sevən gənclər yetişdirmək gələcəyimizin ən etibarlı təminatıdır.
Tədbirdə "17 Noyabr-Dirçəliş Günü"nə həsr olunmuş videoçarx nümayiş olunub.










