Xəbərlər
Pirallahı rayonunda “Bilik günü” qeyd edilib

15 sentyabr 2026-cı il tarixində ölkəmizin bütün bölgələrində olduğu kimi Pirallahı rayonunda da yeni tədris ilinin başlanması münasibətilə “Bilik Günü” qeyd olunub.
Əlamətdar gün münasibətilə rayonun ümumi təhsil müəssisələrində təşkil olunan tədbirlərdə məktəb rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Çıxışlarda yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdlər təbrik edilib, onlara tədris prosesində uğurlar, yüksək nəticələr və yeni nailiyyətlər arzulanıb. Bildirilib ki, təhsil hər bir ölkənin davamlı inkişafında mühüm rol oynayır. Savadlı, dünyagörüşlü,müasir bilik və bacarıqlara malik gənc nəslin yetişdirilməsi cəmiyyətin qarşısında duran əsas vəzifələrdəndir.











