Xəbərlər
Pirallahı rayonunda“Gənclərin inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

30 yanvar 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının, YAP Pirallahı rayon Təşkilatının məsul əməkdaşları və rayonun fəal gəncləri iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca “2 fevral – Gənclər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra çıxış edən qonaqlar gənclərin cəmiyyətin inkişafında rolundan, dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Tədbirin sonunda rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənc YAP Pirallahı rayon Təşkilatı və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektoru tərəfindən fəxri fərmanlarla, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi tərəfindən isə hədiyyələrlə təltif olunub.
Sonda xatirə şəkli çəkilib.










