Xəbərlər
Qadın hüquqları ,gender bərabərliyi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi ,Qazax-Tovuz Regional Təhsil Idarəsinin Ağstafa rayon
Təhsil Sektorunun birgə təşkilatçılığı ilə qadın hüquqları və gender bərabərliyi mövzusunda komissiyanın növbəti görüşü keçirildi.
Tədbirin əsas məqsədi cəmiyyətimizdə qadınların hüquqlarının qorunması, gender bərabərliyinin təşviqi, ailə və təhsil mühitində sağlam münasibətlərin formalaşdırılması, eyni zamanda maarifləndirmə işinin daha da gücləndirilməsi olmuşdur. Görüş zamanı mövzu ətrafında geniş və əhatəli çıxışlar edildi, gender bərabərliyinin hüquqi əsasları, qadınların ictimai-siyasi həyatda rolu, təhsil mühitində bərabər imkanların yaradılması, erkən nikah və məişət zorakılığı kimi həssas məsələlərə toxunuldu.
Slayd təqdimatları vasitəsilə statistik göstəricilər, qanunvericilik bazası və real həyat nümunələri iştirakçıların diqqətinə çatdırıldı. Qeyd olundu ki, qadın hüquqlarının qorunması yalnız hüquqi məsələ deyil, həm də mənəvi və sosial məsuliyyətdir. Təhsil müəssisələri isə bu istiqamətdə maarifləndirici platforma kimi mühüm rol oynayır.
İştirakçıların təklif və tövsiyələri diqqətlə dinlənildi. Xüsusilə vurğulandı ki, bu tip görüşlərin mütəmadi keçirilməsi, maarifləndirmə tədbirlərinin daha geniş auditoriyanı – xüsusilə valideynləri əhatə etməsi məqsədəuyğundur. Çünki gender bərabərliyi və sağlam ailə dəyərlərinin formalaşması ilk növbədə ailədən başlayır və məktəb-valideyn əməkdaşlığı bu prosesdə əsas amillərdən biridir.Sonda qeyd olundu ki, belə görüşlər cəmiyyətdə hüquqi savadlılığın artırılmasına, qadınların öz hüquqlarını daha yaxşı bilməsinə və sosial fəallığın güclənməsinə xidmət edir. Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirildi və gələcəkdə də bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsi qərara alındı.






