Xəbərlər
“Qadın Müəllimlərin İdman Festivalı – Göygöl 2026” uğurla keçib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi və Göygöl rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində “Qadın Müəllimlərin İdman Festivalı – Göygöl 2026” uğurla keçirilib.
Festival 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd qadın təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqi, fiziki və zehni aktivliyin artırılması, komanda ruhunun və həmrəyliyin gücləndirilməsi, eyni zamanda təhsil kollektivləri arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi olub.
Festival çərçivəsində qadın müəllimlər voleybol, stolüstü tennis, dama və atıcılıq üzrə yarışlarda öz bacarıqlarını nümayiş etdiriblər. Yarışlar yüksək ruh yüksəkliyi, rəqabət və həmrəylik şəraitində keçib.
Sonda qaliblər diplom, medal, kubok və pul mükafatları ilə təltif olunublar. Təltifetmə mərasimində iştirak edən qadın müəllimlər bu cür tədbirlərin kollektivlər arasında həmrəyliyin möhkəmlənməsinə, sağlam həyat tərzinin təbliğinə və müəllimlərin sosial fəallığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi gələcəkdə də təhsil işçilərinin iştirakı ilə bu kimi idman və sağlamlıq layihələrinin davam etdirilməsini planlaşdırır.



