Xəbərlər
Qadın təhsil işçiləri arasında təşkil olunan basketbol yarışları başa çatıb

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bakı şəhəri rayon komitələri üzrə təhsil işçiləri arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş qadınlar arasında basketbol yarışı yekunlaşıb.
Bakı şəhərinin Sabunçu, Xəzər, Nizami, Xətai və Qaradağ rayon komitələrini təmsil edən qadın komandalarının iştirakı ilə keçirilən yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutub.
Yarışların idarə olunması 269 nömrəli tam orta məktəbin müəllimi, baş hakim Azər Ələkbərov tərəfindən həyata keçirilib.
Dairəvi sistem üzrə təşkil olunan yarışda hər komanda digər iştirakçılarla qarşılaşıb. Komandalar ümumilikdə 4 oyun keçirərək yüksək əzmkarlıq və güclü komanda ruhu nümayiş etdiriblər.
Yekun nəticələrə əsasən, Nizami rayonu birinci, Qaradağ rayonu ikinci, Xətai rayonu isə üçüncü yerə layiq görülüb.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan bu idman tədbiri sağlam həyat tərzinin təbliği və qadınların idmanda fəallığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.
Sonda qaliblər təbrik olunub, bütün iştirakçılara gələcək yarışlarda uğurlar arzulanıb.





