Xəbərlər
Qadın voleybolçular arasında keçirilən yarışa yekun vurulub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bakı şəhəri üzrə rayon komitələrinin xidmətində olan təhsil müəssisələrində çalışan qadınlar arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışları başa çatıb.
ETİHİ-nin Nizami, Nəsimi, Yasamal, Nərimanov, Binəqədi, Xətai, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayon komitələrini təmsil edən komandalar arasında keçirilən yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutub.
Oyunlara voleybol üzrə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov hakimlik edib. Komandalar yarış boyu yüksək əzmkarlıq və güclü komanda ruhu nümayiş etdiriblər.
Yekun nəticələrə əsasən, Nəsimi rayonu birinci, Xətai rayonu ikinci, Xəzər rayonu isə üçüncü yerə layiq görülüb.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan yarış sağlam həyat tərzinin təbliği, ittifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili və təhsil işçilərinin idman fəaliyyətinə marağının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.










