Xəbərlər
“QALİB XALQIN QÜRUR GÜNÜ” ADLI KOMPOZİSİYA TƏQDİM OLUNUB

5 Noyabr – Zəfər Günü münasibətilə Masallı Dövlət Regional Kollecinin Masallı rayon Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı, Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyi və ETİHİ Masallı Rayon Komitəsinin tərəfdaşlığı ilə hazırladığı “Qalib xalqın qürur günü” adlı kompozisiya təqdim olunub.
Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, ETİHİ Masallı Rayon Komitəsinin nümayəndələri, şəhid ailələri, təhsil işçiləri, tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə "Qəhrəmanlar Parkı"nda səhidlərin xatirəsinə ucalsdılmıs abidə kompleksi ziyarət edilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə çıxış edənlər Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqdan, xalqımızın birlik və həmrəyliyindən bəhs ediblər. Qeyd olunub ki, qazanılan tarixi Qələbə Azərbaycan xalqının milli qürurunu, iradəsini və yenilməzliyini bütün dünyaya nümayiş etdirib.
Çıxışlarda torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, qazilərimizin fədakarlığı yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu möhtəşəm Zəfərin arxasında Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və Vətən sevgisi dayanır. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının əhəmiyyəti xüsusi qeyd olunub.
Tədbirin bədii hissəsində tələbələrin təqdim etdiyi kompozisiya, vətənpərvərlik ruhlu çıxışlar və səhnəciklər iştirakçılarda dərin təəssürat yaradıb. Təqdim olunan kompozisiyada Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, şəhidlərimizin müqəddəs xatirəsi və xalqımızın Zəfər sevinci dolğun şəkildə əks etdirilib.
Belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə, Vətənə və dövlətçiliyə bağlı ruhda formalaşmasına, tarixi Qələbəmizin mahiyyətinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.
Zəfərimiz əbədi, qürurumuz daim olsun!







