Xəbərlər
Qarabağ Universitetində ilk beynəlxalq BMT modeli konfransı işə başlayıb

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Qarabağda ilk dəfə təşkil olunan “Beynəlxalq BMT Modeli Konfransı – QUMUN 2026” işə başlayıb.
Mayın 25-dək davam edəcək konfrans Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində təşkil olunub. Tədbir “Gənclərin Beynəlxalq Dialoq Platforması” İctimai Birliyinin təşkilatçılığı, Qarabağ Universitetinin ev sahibliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə keçirilir.
Layihənin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə vermək, tələbə və gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək, onların qlobal proseslərə inteqrasiyasını təmin etmək, eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgələrinin beynəlxalq akademik dialoq, təhsil və diplomatiya mərkəzinə çevrilməsini təşviq etməkdir.
Konfransın açılış mərasimində dövlət və ictimai qurumların nümayəndələri, akademik heyət, yerli və xarici iştirakçılar iştirak ediblər. Tədbirdə 20-dən çox ölkədən 100-dən artıq nümayəndə bir araya gəlib.
Açılış mərasimində Qarabağ Universitetinin prorektoru Rüstəm İsgəndərli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və “Gənclərin Beynəlxalq Dialoq Platforması”nın sədri Əli Tağıyev çıxış edərək gənclərin beynəlxalq əməkdaşlıq, diplomatiya və liderlik bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, Qarabağda belə beynəlxalq tədbirin təşkili regionun akademik və gənclər mühitinin inkişafına mühüm töhfə verir.
Layihə çərçivəsində iştirakçılar BMT-nin Təhlükəsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura və Beynəlxalq Ədalət Məhkəməsi üzrə simulyasiya sessiyalarında iştirak ediblər. Müzakirələr sülh quruculuğu, şəhərsalma, urbanizasiya, mədəni irsin qorunması, dayanıqlı inkişaf, yaşıl texnologiyalar və süni intellekt kimi aktual mövzuları əhatə edir.
Layihə çərçivəsində iştirakçıların Şuşa şəhərinə səfəri də nəzərdə tutulub. Səfər zamanı onların Qarabağın tarixi və mədəni irsi, eləcə də bölgədə aparılan bərpa-quruculuq işləri ilə tanış olması planlaşdırılır.
Qarabağda ilk dəfə keçirilən beynəlxalq BMT modeli konfransı regionun beynəlxalq akademik və gənclər əməkdaşlığı məkanı kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.















