“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qarabağ Universitetində “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

22/05/2026, 18:01
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə gənclər arasında sağlam həyat tərzinin təbliği və narkomaniya ilə mübarizəyə həsr olunmuş genişmiqyaslı maarifləndirici tədbir keçirilib.


Tədbirdə universitet rəhbərliyi, ETİHİ Respublika Komitəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələri, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Qarabağ Universitetinin Elm və innovasiya işləri üzrə prorektoru Fariz Əhmədov qonaqları salamlayıb, bu kimi mühüm mövzularda keçirilən tədbirlərin gənclərin sağlam gələcəyinin formalaşması və zərərli vərdişlərdən uzaq tutulması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, müasir dövrdə narkomaniya bəşəriyyət üçün ciddi təhlükələrdən biridir və bu bəla ilə mübarizədə ali təhsil müəssisələrinin üzərinə mühüm məsuliyyət düşür. Fariz Əhmədov tələbələrin yalnız elmi biliklərə yiyələnməsinin deyil, həm də milli-mənəvi dəyərlərə sadiq, sağlam düşüncəli vətəndaş kimi formalaşmasının vacibliyini qeyd edib, bu istiqamətdə maarifləndirici layihələrin davamlı xarakter daşıyacağını diqqətə çatdırıb.


Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə cəmiyyətin gələcəyini təhdid edən narkomaniya bəlasına qarşı birgə mübarizənin vacibliyindən danışıb, Komitə tərəfindən bu istiqamətdə həyata keçirilən sosial və maarifləndirici layihələr barədə məlumat verib.


Daha sonra ETİHİ Respublika Komitəsinin Hüquq şöbəsinin baş hüquqşünası, Aysel Həsənova, Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Ceyhun Əliyev və Qarabağ Universitetinin müəllimi, asılılıq üzrə mütəxəssis Ramil Allahverdiyev çıxış edərək mövzunun hüquqi, əməliyyat-profilaktik və psixoloji aspektləri barədə ətraflı məlumat veriblər.



Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: