Xəbərlər
Qarabağa təşkil olunan ekskursiya təhsil işçilərində xoş təəssüratlar yaradıb

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayon Siyavuş Mirzəyev adına Çərəkə kənd 1 saylı tam orta ümumtəhsil məktəbinin 21 nəfərdən ibarət kollektivi Qarabağa ekskursiya səfərində olub.
Müəllim və texniki işçilərin iştirak etdiyi səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri ilə yaxından tanış olmaq, Qarabağın tarixi, mədəni və mənəvi dəyərlərini yerində görmək, həmçinin təhsil işçilərinin vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək olub.
Səfər çərçivəsində kollektiv üzvləri Qarabağın bir sıra görməli məkanlarını ziyarət edib, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində bölgədə həyata keçirilən yenidənqurma işlərini yaxından izləyiblər. İştirakçılar azad edilmiş torpaqlarımızda qısa müddətdə görülən nəhəng işləri yüksək qiymətləndirərək, bölgənin sürətli inkişafının şahidi olublar.
Ekskursiya iştirakçıları səfərin onların dünyagörüşünün zənginləşməsində, Qarabağın tarixi həqiqətlərinin daha dərindən öyrənilməsində və milli-mənəvi dəyərlərə bağlılığın möhkəmlənməsində mühüm rol oynadığını bildiriblər.
Məktəb kollektivi göstərilən təşkilati dəstəyə və yaradılan şəraitə görə ETİHİ Göyçay Rayon Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını ifadə edib.
Qeyd edək ki, təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yaxşılaşdırılması və vətənimizin müxtəlif bölgələri ilə yaxından tanış olmaları istiqamətində ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.











