Xəbərlər
Qarabağda qürur dolu anlar: müəllim kollektivi tarixi torpaqlarımızı ziyarət edib

ETİHİ Şamaxı Rayon Komitəsinin təşkilati dəstəyi ilə Şamaxı rayonu 2 saylı tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün Qarabağ bölgəsinə ekskursiya təşkil olunub.
Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən səfər iştirakçılarda dərin təəssüratlar yaradıb. Qarabağın yenidən dirçələn şəhər və kəndlərini ziyarət edən kollektiv aparılan geniş quruculuq və bərpa işlərinin şahidi olub, doğma torpaqlarımızda həyata keçirilən inkişaf prosesini yaxından izləmək imkanı qazanıb.
Səfər zamanı iştirakçılar azad Qarabağın füsunkar mənzərələrini seyr edib, tarixi məkanlarla tanış olub və bölgədə aparılan abadlıq işlərini böyük maraqla izləyiblər. Üçrəngli dövlət bayrağımızın dalğalandığı torpaqlarda olmaq müəllimlərdə qürur hissi yaradıb, onlara zəfər tariximizin əzəmətini bir daha hiss etdirib.
Kollektiv üzvləri qeyd ediblər ki, Qarabağa səfər etmək yalnız bir gəzinti deyil, həm də milli qürur hissini yaşamaq, şanlı tariximizə və qəhrəmanlıq salnaməmizə yaxından şahid olmaq deməkdir. Bu səfər iştirakçıların vətənə bağlılığını daha da gücləndirməklə yanaşı, kollektiv həmrəyliyinin möhkəmlənməsinə də töhfə verib.
Qarabağ bu gün yenidən həyatın, inkişafın və böyük qayıdışın simvoluna çevrilib. Bu torpaqlara edilən hər səfər isə zəfərimizin böyüklüyünü bir daha nümayiş etdirir.






