Xəbərlər
Qarabağın Tarixi və Mədəni İrsi ilə Tanışlıq

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri Ramiz Nüsrət oğlu Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın kollektivi üçün 1 günlük Qarabağa ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində iştirakçılar əvvəlcə Ağdam şəhərində yerləşən Ağdam Cümə məscidini ziyarət edərək onun tarixi və bərpa prosesi ilə tanış olublar. Daha sonra səfər Xankəndi şəhərinə davam etdirilib. Burada iştirakçılar şəhərdə həyata keçirilən yenidənqurma və abadlıq işlərini müşahidə edərək bölgənin müasir inkişafı haqqında məlumat əldə ediblər.
Ekskursiyanın növbəti dayanacağı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri olub. Kollektiv Şuşanın tarixi və mədəni abidələrini ziyarət edib, şəhərin əsrarəngiz təbiəti, zəngin tarixi irsi və aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olub.
Səfərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların Qarabağın tarixi və mədəni irsi haqqında məlumatlarının zənginləşdirilməsi, eləcə də kollektiv arasında həmrəyliyin və birlik ruhunun daha da möhkəmləndirilməsi olub.
Ekskursiya iştirakçıları yaradılan yüksək təşkilatçılığa və maraqlı səfərə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildirərək bu cür tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıblar.





