“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qax rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

26/09/2026, 16:19
xeber1

27 Sentyabr – Anım Günü xalqımızın tarixi yaddaşında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs günlərdən biridir.

Azərbaycan Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qax Rayon Komitəsinin üzv təşkilatları olan İbrahim Xasıyev adına Çüdüllü kənd ümumi orta ümumtəhsil məktəbi və Çüdüllü kənd uşaq bağçasının kollektivləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Anım tədbiri məktəbin adını daşıyan şəhid İbrahim Xasıyev Hacıhümmət oğlunun şəhidlik zirvəsinə ucalmasının 34-cü ildönümünə və Vətən müharibəsi şəhidi Hacıyev Hacının doğum gününə həsr olunub. Tədbirdə şəhidlərin həyat və döyüş yolu, Vətən qarşısındakı xidmətləri və göstərdikləri qəhrəmanlıqdan bəhs olunaraq onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyi vurğulanıb.

Qəbirüstü tədbirdə üzv təşkilatlar olan məktəb və uşaq bağçasının kollektivləri, Qax Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Qax rayon təşkilatının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qax Rayon Komitəsinin əməkdaşları, yerli icra nümayəndəsi, Qax və Zaqatala rayonlarından olan şəhid ailələrinin üzvləri, kənd sakinləri və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərimizin, eləcə də torpaqlarımızın müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidlərin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Onların keçdiyi şərəfli döyüş yolu və Vətən qarşısındakı fədakarlıqları bir daha xatırlanıb.

Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və peşəkarlıq nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası xalqımızın tarixində mühüm hadisə kimi yadda qalıb. Bu tarixi zəfərin əldə olunmasında şəhidlərimizin misilsiz fədakarlığı və qazilərimizin göstərdiyi şücaət xüsusi əhəmiyyət daşıyır.

27 Sentyabr – Anım Günü şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, onların ailələrinə diqqət və qayğı göstərmək, Vətən qarşısında göstərdikləri fədakarlığı gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

ETİHİ-nin ittifaq üzvləri olan şəhid ailələrinin nümayəndələri – şəhid İbrahim Xasıyev Hacıhümmət oğlunun qardaşı Xasıyev Zöhrab Hacıhümmət oğluna, Vətən müharibəsi şəhidi Hacıyev Hacının anası Xəlilova Bahar Əhməd qızına və bütün şəhid ailələrinə dərin ehtiramımızı bildirir, səbir, möhkəm cansağlığı və dözüm arzulayırıq.

🇦🇿 Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: