Xəbərlər
Qax rayonunda müəllimlər arasında “Xəmsə” intellektual oyunu keçirilib

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl” münasibətilə Qax rayonunda müəllimlər arasında “Xəmsə” intellektual oyunu təşkil olunub. Tədbirin keçirilməsində məqsəd müəllimlər arasında vətənpərvərlik ruhunun, intellektual bacarıqların və komanda işinin inkişaf etdirilməsi olub.
İntellektual oyun Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi, Qax rayonu üzrə Təhsil Sektoru, Qax Rayon Heydər Əliyev Mərkəzi və Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qax rayonunun müxtəlif ümumtəhsil müəssisələrini təmsil edən 12 komandanın iştirak etdiyi oyunda suallar Azərbaycan tarixi və mədəniyyəti, Azərbaycan ədəbiyyatı və görkəmli şəxsiyyətlər, ümumi biliklər, məntiq və düşünmə bacarıqları, eləcə də müasir dövr və aktual mövzuları əhatə edib. Komandalar bilik və çevik düşünmə bacarıqlarını nümayiş etdirərək maraqlı və gərgin mübarizə aparıblar.
Yarışın nəticələrinə əsasən Qax şəhər T. İsmayılov adına 5 nömrəli tam orta ümumitəhsil məktəbinin komandası III yerə, Lələpaşa kənd ümumi orta ümumitəhsil məktəbinin komandası II yerə, Güllük kənd tam orta ümumitəhsil məktəbinin komandası isə I yerə layiq görülüb.
Sonda qalib komandalar diplomlarla mükafatlandırılıb.


















