Xəbərlər
Qax rayonunda şagirdlər arasında “Zəkalar Liqası” layihəsinin ilk turu keçirilib

Qax rayonu ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin intellektual potensialının üzə çıxarılması, bilik və dünyagörüşünün genişləndirilməsi, məntiqi və analitik təfəkkürünün inkişaf etdirilməsi məqsədilə həyata keçirilən “Zəkalar Liqası” regional layihəsinin 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatlı intellektual oyununun ilk turu keçirilib.
Yarışda rayonun ümumtəhsil müəssisələrini təmsil edən 10 komanda qeydiyyatdan keçib, onlardan 8-i oyunda iştirak edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən qalib komandalar aşağıdakı kimi sıralanıb:
I yer – Qaxbaş kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbi
II yer – Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyi
III yer – Qax şəhər E. Babayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
Tədbir Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Qax Heydər Əliyev Mərkəzinin, Qax Rayon Təhsil Sektorunun, Qax ETİHİ Qax rayon komitəsinin və Qax Gənclərinin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə təşkil olunub.
İntellektual oyunun əsas məqsədi məktəblilərin intellektual potensialının üzə çıxarılması, bilik və dünyagörüşünün artırılması, məntiqi düşünmə, araşdırma və müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də komanda ruhunun gücləndirilməsi və sağlam rəqabət mühitinin yaradılmasıdır. Bununla yanaşı, 8 Noyabr – Zəfər Gününə həsr olunan yarış vasitəsilə gənc nəsildə Vətənə sevgi, milli qürur və vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin və tarixi Zəfərimizin əhəmiyyətinin təbliği də xüsusi önəm daşıyır.
Yarış zamanı komandalar müxtəlif bilik sahələrini əhatə edən sualları cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
“Zəkalar Liqası” layihəsinin əsas hədəflərindən biri Qax rayonunda, gələcək mərhələlərdə isə bütövlükdə Şəki-Zaqatala regionunda təhsil alan istedadlı şagirdləri müəyyənləşdirmək, onların intellektual inkişafına dəstək göstərmək və respublika səviyyəli intellektual yarışlarda iştirak imkanlarını genişləndirməkdir.
Layihənin növbəti mərhələlərində yüksək nəticə göstərən komandalar üçün əlavə hazırlıq görüşlərinin və seminarların təşkili, onların regional və respublika səviyyəli intellektual yarışlarda iştirakına dəstək göstərilməsi nəzərdə tutulur. Həmçinin layihənin əhatə dairəsinin genişləndirilməsi və regionun digər rayonlarında da analoji intellektual oyunların keçirilməsi planlaşdırılır.
İnanırıq ki, “Zəkalar Liqası” layihəsi regionda intellektual mühitin inkişafına, istedadlı məktəblilərin üzə çıxarılmasına və onların respublika səviyyəsində uğurla təmsil olunmasına mühüm töhfə verəcək.
Qalib komandaları təbrik edir, bütün iştirakçılara gələcək yarışlarda uğurlar arzulayırıq!











