Xəbərlər
Qaxda 15 May – Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib.

Qax Rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsi və Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib.
Rayon rəhbərliyinin, YAP rayon təşkilatının nümayəndələrinin, ittifaq üzvləri olan şəhid və qazi ailələrinin, ziyalıların, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər milli-mənəvi dəyərlərin qorunmasında ailənin rolundan, sağlam ailə münasibətlərinin formalaşdırılmasının vacibliyindən, qarşılıqlı hörmət və məhəbbət üzərində qurulan ailələrin cəmiyyət üçün əhəmiyyətindən danışıblar.
Şəhid, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova çıxış edərək ailə dəyərlərinin yaşadılmasının və gənc nəslin bu ruhda tərbiyə olunmasının vacibliyini vurğulayıb, bütün ailələrə xoşbəxtlik arzulayıb.
Tədbir geniş konsert proqramı ilə davam etdirilib.
















