Xəbərlər
Qaxda 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş stolüstü tennis yarışı keçirilib.

17 oktyabr 2026- cı il tarixdə Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının, Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsi Qax rayonu üzrə gənclər və idman sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş stolüstü tennis yarışı keçirilmişdir.
Yarışın açılış mərasimində ilk öncə Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib..
Daha sonra mərasimində Qax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Cəlil Cəlilov, YAP Qax rayon təşkilatının əməkdaşı Rəhim Hacızadə, Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov və İttifaq üzvü Qax rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Pərvanə İsmayılova çıxış ediblər.
Çıxışlar zamanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan tarixində mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi xalqımızın azadlıq və müstəqillik arzularının gerçəkləşməsində tarixi mərhələ olub. Müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri xüsusi qeyd olunub.
Çıxışlarda həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil dövlət kimi inkişaf etdiyi, beynəlxalq mövqeyinin möhkəmləndiyi, ölkəmizdə idmanın və gənclər siyasətinin davamlı inkişafına xüsusi diqqət yetirildiyi bildirilib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, onların sağlam həyat tərzinə yiyələnməsinin və idmana cəlb edilməsinin vacibliyi vurğulanıb.
Yarışın sonunda kişilər və qadınlar arasında keçirilən mübarizədə fərqlənən iştirakçılar müəyyənləşib. Kişilər arasında I, II və III yerləri müvafiq olaraq Lütfəliyev Fuad , Balacayev Orxan və Bayramov Elçin, qadınlar arasında isə Əhmədli Rahilə və Abdullayeva Zərnigar tutublar. Qaliblər təşkilatçılar tərəfindən diplom, medal və müvafiq mükafatlarla təltif olunublar.














