Xəbərlər
Qaxda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təhsil işçiləri arasında voleybol turniri yekunlaşıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qax rayon komitəsi, Qax rayonu üzrə Təhsil sektoru və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təhsil işçiləri arasında voleybol turniri keçirilib.
Turnirin keçirilməsində əsas məqsəd təhsil işçiləri arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, kollektivlər arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi olub. Yarışda rayonun ümumtəhsil müəssisələrini təmsil edən komandalar iştirak edərək yüksək idman bacarığı və komanda ruhu nümayiş etdiriblər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekun nəticələrinə əsasən:
🥇 I yerə – V. Əliyev adına 3 nömrəli tam orta ümumi təhsil məktəbi;
🥈 II yerə – E.Şahmərdanov adına Tasmalı kənd tam orta ümumi təhsil məktəbi;
🥉 III yerə – N. Allahverdiyev adına 2 nömrəli məktəb-lisey;
🏅 IV yerə – A. Musayev adına Əmircan kənd ümumi orta ümumi təhsil məktəbi layiq görülüb.
Qalib komandalar təşkilatçılar tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.

















