Xəbərlər
Qaxda gənclərin peşə seçimi və məşğulluq imkanlarına dair maarifləndirici tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qax rayon komitəsi və Vaqif Əliyev adına 5 nömrəli tam orta ümumitəhsil məktəbinin əməkdaşlığı ilə gənclərin peşə seçimi və məşğulluq imkanları istiqamətində maarifləndirilməsi məqsədilə növbəti əhəmiyyətli tədbir keçirilib.
Tədbirdə məktəb rəhbərliyi və pedaqoji kollektiv, IX–XI sinif şagirdləri, şəhər məktəblərinin müəllim və şagirdləri ilə yanaşı, Qax Peşə Liseyinin direktoru Səbuhi Bilalov, Dövlət Məşğulluq Agentliyinin Qax xidmət şöbəsinin əməkdaşları Məhəmməd Tarverdili və Rəşad Camalov iştirak ediblər.
Çıxışlarda müasir əmək bazarının tələbləri, perspektivli peşə istiqamətləri, peşə təhsilinin üstünlükləri, özünüməşğulluq proqramları və gənclər üçün aktiv məşğulluq tədbirləri barədə geniş və əhatəli məlumat təqdim olunub. Qonaqlar real təcrübəyə əsaslanan nümunələrlə şagirdlərin gələcək seçimlərinə aydınlıq gətirib, onları bacarıq və maraqlarına uyğun istiqamət müəyyənləşdirməyə təşviq ediblər.
Qeyd olunub ki, gənclərin düzgün istiqamətləndirilməsi yalnız fərdi uğurun deyil, həm də cəmiyyətin sosial-iqtisadi inkişafının əsas şərtlərindən biridir. Bu baxımdan maarifləndirici tədbirlər əmək bazarının tələblərinə uyğun, bacarıqlı və təşəbbüskar gənc nəslin formalaşmasına xidmət edir.
Qax rayon komitəsi üçün gənclərin sosial müdafiəsi, peşəkar inkişafı və əmək bazarına uğurlu inteqrasiyası prioritet istiqamətlərdəndir. Təhsil işçilərinin sosial rifahının yüksəldilməsi və gənc nəslin gələcəyinə töhfə verən təşəbbüslər bundan sonra da ardıcıl və sistemli şəkildə davam etdiriləcəkdir.













