Xəbərlər
Qaxda körpələr evi-uşaq bağçasında “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Qax şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında “Zəfərin mübarək, Azərbaycan!” başlığı altında bayram tədbiri təşkil olunub.
Tədbirdə 44 günlük Vətən müharibəsinin iştirakçısı, qəhrəmancasına şəhid olmuş Təbriz Əliyevin anası Günəş Əliyeva və Vətən müharibəsi qazisi Elgün Ocayev iştirak ediblər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra körpələr Vətənə, doğma torpağa, Azərbaycan bayrağına və qəhrəmanlıq salnaməmizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər. Balacaların rəngarəng çıxışları tədbir iştirakçılarına xoş anlar yaşadıb.
Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, xalqımızın birliyi və həmrəyliyi, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı barədə danışılıb. Şəhid anası Günəş Əliyevanın və müharibə qazisi Elgün Ocayevin tədbirdə iştirakı xüsusi mənəvi əhəmiyyət daşıyıb. Onların timsalında Vətənə sevgi, torpağa bağlılıq, qəhrəmanlıq və vətənpərvərlik kimi ali dəyərlərin gənc nəslə aşılanmasının vacibliyi vurğulanıb.












