Xəbərlər
Qaxda “Mənim irsim danışır” respublika müsabiqəsinin qalibi olan şagirdlər mükafatlandırılıb

Qaxda “Mənim irsim danışır” respublika müsabiqəsinin qalibi olan şagirdlər mükafatlandırılıb
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mənim irsim danışır” respublika müsabiqəsi uğurla yekunlaşıb.
18 Aprel – Beynəlxalq Abidələr Gününə həsr olunan müsabiqəyə ölkənin müxtəlif bölgələrindən 600-dən çox video təqdim edilib.
Müsabiqənin nəticələrinə əsasən Qax rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri yüksək nəticələr əldə ediblər. Belə ki, Allahverdi Sədəf və Qurbanlı Şövkət “Keçmişə körpü – Tarixi körpünün səsi” nominasiyası üzrə I yerə, Rəhimli Nihad isə “Əbədi növbətçi – Qalanın dili” nominasiyası üzrə I yerə layiq görülüb.
Bu münasibətlə Qax rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzində mükafatlandırma tədbiri təşkil olunub. Tədbirdə Qax rayonu üzrə Təhsil Sektorunun müdiri Babək Heydərov və ETİHİ Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva iştirak ediblər. Qaliblərə ETİHİ Qax rayon komitəsinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Dərnək rəhbərləri Aysel Allahverdiyeva və Hüsniyyə Mürşüdova, eləcə də bütün qaliblər təbrik edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar keçirilən bu müsabiqə ölkənin zəngin memarlıq irsinin və tarixi abidələrinin gənc nəslə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır və milli irsin qorunması və təbliği istiqamətində mühüm töhfə verir.






















