Xəbərlər
Qaxda “Milli dəyərlərimiz – Ruhumuzun səsi” adlı tədbir keçirilib

Uşaq Səfirlər Məclisinin Qax rayonu üzrə regional nümayəndələri – D.Əliyeva adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Sultanlı Sona və V.Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Sadıqzadə Məleykənin təşəbbüsü, Qax rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Qax rayonunda “Milli dəyərlərimiz – Ruhumuzun səsi” adlı tədbir keçirilib.
Qeyd edək ki, Uşaq Səfirlər Məclisi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında yaradılmış və ictimai əsaslarla fəaliyyət göstərən platformadır. Məclisin əsas məqsədi uşaqların hüquqlarının təşviqi, onların ictimai fəallığının artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyət həyatında daha fəal iştirakının təmin edilməsidir.
Tədbirdə Qax rayonu üzrə təhsil sektorunun müdiri Babək Heydərov, Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının ETİHİ Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin xalqımızın kimliyinin, zəngin tarixinin və mənəvi irsinin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbir çərçivəsində şagirdlər tərəfindən milli rəqslər nümayiş etdirilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, səhnəciklər təqdim olunub, mövzu ətrafında viktorina keçirilib və iştirakçıların çıxışları dinlənilib.
Maarifləndirici və maraqlı proqramla yadda qalan tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilib.













