Xəbərlər
Qaxda “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” devizi altında 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü münasibətilə tədbirlər keçirilib

28 aprel – Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü münasibətilə təhsil müəssisələrində silsilə tədbirlər davam edir. Cari ildə bu əlamətdar gün “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” devizi altında qeyd olunur.
Bu çərçivədə rayonun bütün ümumtəhsil müəssisələrində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində, eləcə də Qax Peşə Liseyində maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlərin əsas məqsədi əməkdaşlar arasında əməyin mühafizəsi, təhlükəsiz iş şəraiti və sağlam psixososial mühitin formalaşdırılması istiqamətində bilik və bacarıqların artırılması olub.
Tədbirlər zamanı iştirakçılara əməyin mühafizəsi sahəsində mövcud normativ-hüquqi baza barədə ətraflı məlumat verilib, əmək təhlükəsizliyi qaydalarının praktik tətbiqi və məsuliyyət bölgüsü izah olunub. Eyni zamanda psixososial risk faktorları, onların idarə olunması üsulları, sağlam iş mühitinin yaradılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması məsələləri diqqətə çatdırılıb.
Bununla yanaşı, fövqəladə hallara hazırlıq, ilkin tibbi yardım bacarıqları, əməkdaşlıq mühitinin gücləndirilməsi, psixoloji dayanıqlığın artırılması, sağlam həyat tərzinin təşviqi və iş–istirahət balansının düzgün qurulması kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirlərdə ETİHİ Qax rayon komitəsinin sədri R. Əfəndiyeva iştirak edib. İttifaq üzvlərinin iştirakı ilə sağlam psixososial iş mühitinin formalaşdırılması, əməkdaşlar arasında qarşılıqlı hörmət və dəstəyin gücləndirilməsi, eləcə də iş yerlərində sağlam və təhlükəsiz mühitin təmin olunması məsələləri geniş müzakirə edilib.




















