“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda şəhid ailəsi olan ittifaq üzvlərinin doğum günləri qeyd olunub.

05/06/2026, 12:26
xeber1

May ayı ərzində ETİHİ Qax rayon komitəsi tərəfindən şəhid ailəsi olan ittifaq üzvlərinə xüsusi diqqət və qayğı göstərilmiş, onların əlamətdar günləri qeyd olunmuşdur.

Bu çərçivədə Qaxbaş kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində çalışan Vətən müharibəsi şəhidi Əfəndi Cahangir oğlu Səfərovun valideynləri – Gültəkin Səfərova və Cahangir Səfərovun doğum günləri münasibətilə ailəsi ziyarət edilərək təbrik olunub

Görüş zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, valideynlərə möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulanmışdır.

Şəhid Səfərov Əfəndi Cahangir oğlu 1 yanvar 1996-cı ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. 2002-ci ildə Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində təhsilə başlamış, 2007-ci ildən təhsilini Respublika Olimpiya İdman Liseyində davam etdirmişdir. Futbola böyük maraq göstərən Əfəndi müxtəlif yarışlarda uğur qazanaraq fəxri fərman və medallarla təltif olunmuşdur.

2014-cü ildə həqiqi hərbi xidmətə yollanmış, xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə başlamışdır. 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayanda könüllü şəkildə döyüşlərə qatılmış, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla vuruşmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə 9 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz Qax şəhərinin Şəhidlər xiyabanında böyük ehtiramla dəfn edilmişdir.

Göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Əfəndi Səfərovun keçdiyi şərəfli ömür yolu və göstərdiyi qəhrəmanlıq Azərbaycan gəncliyi üçün daim örnək olaraq qalacaqdır.

ETİHİ Qax rayon komitəsi tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: