“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda şəhid Musayev Sahib Musa oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib

22/07/2026, 02:01
xeber1

Qax rayonunda Vətən müharibəsi şəhidi Musayev Sahib Musa oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Qax Rayon İcra Hakimiyyəti , Yeni Azərbaycan Partiyası Qax Rayon Təşkilatı , ETİHİ Qax Rayon Komitəsinin rəhbər şəxsləri , şəhidin ailə üzvləri, yaxınları, Qazilər, müharibə iştirakçıları, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim çərçivəsində şəhidin məzarı ziyarət olunub, önünə tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər şəhid Sahib Musayevin keçdiyi şərəfli ömür yolundan, Vətənə sədaqətindən, döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıq nümunələrindən bəhs edərək onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı öz qəhrəman övladlarını heç zaman unutmayacaq, onların əziz xatirəsi gələcək nəsillər üçün daim örnək olacaq.

Musayev Sahib Musa oğlu 21 iyul 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. Orta təhsilini Şotavar və Qorağan kənd tam orta məktəblərində başa vurduqdan sonra 2001-ci ildə Azərbaycan Maliyyə-İqtisad Kollecinə daxil olub. Təhsil aldığı müddətdə həqiqi hərbi xidmətə çağırılıb, xidmətini başa vurduqdan sonra gizirlik kursunu bitirərək Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) gizir rütbəsində hərbi xidmətini davam etdirib.

O, 2020-ci il Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə xüsusi şücaət göstərib. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Şücaətə görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Musayev Sahib Musa oğlu 12 noyabr 2020-ci ildə doğulduğu Qax rayonunun Şotavar kəndində torpağa tapşırılıb. Onun xatirəsi əbədiləşdirilərək Qax şəhərinin küçələrindən birinə adı verilib.

Qeyd edək ki, şəhid ailəli idi. İki övladı Vətənə əmanət qalıb.

Anım mərasimi iştirakçıları şəhidin ailəsinə dərin ehtiramlarını ifadə edərək, qəhrəman oğullarımızın əziz xatirəsinin daim uca tutulacağını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və möhkəm cansağlığı versin!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: