“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda Şəhid Sərxan Bilalovun əziz xatirəsi anılıb

02/06/2026, 12:16
xeber1

ETİHİ Qax rayon komitəsinin nümayəndələri 31 may 2026-cı il tarixdə Qax şəhər Şəhidlər xiyabanında Vətənimizin igid oğlu, şəhid Sərxan Bilalovun anadan olmasının 37-ci ildönümü münasibətilə keçirilən anım mərasimində iştirak ediblər.

Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının təmsilçiləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim zamanı şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub. Çıxış edənlər Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xalqımızın qəlbində daim yaşayacağını, onların göstərdiyi şücaətin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar.

Bilalov Sərxan İsmət oğlu 31 may 1989-cu ildə Qax şəhərində anadan olub. 1995-ci ildə Qax şəhər 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2006-cı ildə həmin məktəbi bitirib. 2 iyul 2007-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və 31 dekabr 2008-ci ildə hərbi xidmətini başa vurub.

2010-cu ilin sentyabr ayında gizirlik kursuna daxil olan Sərxan Bilalov kursu müvəffəqiyyətlə bitirdikdən sonra 2011-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdən birində xidmətə başlayıb. O, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Suqovuşan–Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edərək böyük qəhrəmanlıq nümayiş etdirib.

Hərbi xidmət dövründə “Qüsursuz xidmətə görə” III dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Sərxan Bilalov 19 sentyabr 2023-cü il tarixində keçirilən lokal antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, Qax şəhər Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətənə xidmətə görə” III dərəcəli ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidimiz ailəli olub, iki övladı Vətənə əmanət qalıb.

ETİHİ Qax rayon komitəsi şəhidimizin ailəsinə dərin ehtiramını bildirir, Sərxan Bilalovun əziz xatirəsini daim uca tutur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: