Xəbərlər
Qaxda Şəhid Seydullah Məhərrəmovun şəhadətə ucalmasının 2-ci ildönümündə xatirəsi anılıb.

Qax rayonu Qorağan kəndində Vətən uğrunda canından keçən igid oğullarımızdan biri – şəhid Məhərrəmov Seydullah Sadiq oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Anım mərasimində ETİHİ Qax rayon komitəsinin nümayəndələri, komitənin üzv təşkilatı olan S.Rəhimov adına Qorağan kənd tam orta məktəbinin kollektivi, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək ruhuna dualar oxunub.
Mərasimdə bildirilib ki, Məhərrəmov Seydullah Sadiq oğlu 30 sentyabr 1999-cu ildə Qax rayonunun Qorağan kəndində anadan olub. 2005-ci ildə S.Rəhimov adına Qorağan kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2013-cü ildən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib. 2020-ci ildə həmin təhsil ocağını bitirərək leytenant hərbi rütbəsi ilə Azərbaycan Ordusunda xidmətə başlayıb. 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu uğurla başa vurub.
Seydullah Məhərrəmov 2020-ci il Vətən müharibəsində və 2023-cü il lokal antiterror tədbirlərində iştirak edərək yüksək şücaət göstərib. O, xidmətləri dövründə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalları ilə təltif olunub.
Vətənə sədaqətlə xidmət edən Seydullah Məhərrəmov 10 iyul 2024-cü il tarixində xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. O, doğulduğu Qorağan kənd qəbiristanlığında dəfn olunub.
Anım mərasimində çıxış edənlər şəhidlərimizin qəhrəmanlığının xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb, onların ailələrinə hər zaman dövlət və cəmiyyət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!










