Xəbərlər
Qaxda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Avqustun 31-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qax rayonu təhsil işçilərinin 2026–2027-ci tədris ili üzrə sentyabr konfransları keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, Azərbaycan Respublikası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və qabaqcıl təhsil işçiləri iştirak ediblər.
Konfransda rayon təhsil sektorunun rəhbəri Babək Heydərov tərəfindən ötən tədris ilinin nəticələri, əldə olunan nailiyyətlər haqqında hesabatlar təqdim edilib və qarşıda duran məsələlər müzakirə edilib. Yeni tədris ili üzrə əsas hədəflər və prioritet istiqamətlər diqqətə çatdırılıb.
Çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə səmərəli idarəetmənin təmin edilməsi ilə bağlı əsas vəzifələr vurğulanıb.
Sonda müəyyən edilmiş hədəflərin həyata keçirilməsi və təhsil göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Konfransların ikinci günü panel müzakirələri ilə davam etdiriləcək.








