Xəbərlər
Qaxda Təhsil rəhbərlərinin yubiley tədbiri keçirilib

ETİHİ Qax Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə əmək fəaliyyətinin yaş həddinə çatan Qapıçay kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Beyxan Əzizovanın və Zərnə kənd Z. Vəliyev adına tam orta ümumtəhsil məktəbinin direktoru Tamella İsmayılovanın yubiley tədbiri keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Tədrisin keyfiyyəti sektorunun müdiri Alqış Həsrətov, ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva, Qax Rayon üzrə Təhsil Sektorunun müdiri Babək Heydərov, sektorun əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova və ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva yubilyarları təbrik edərək onların uzun illər təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyəti, peşəkarlıqları, idarəçilik bacarıqları və gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərini yüksək qiymətləndiriblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğı, onların əməyinin layiqincə qiymətləndirilməsi və sosial rifahının yaxşılaşdırılması dövlətin təhsilə verdiyi xüsusi önəmin bariz göstəricisidir. Qeyd olunub ki, uzun illər təhsil sahəsində vicdanla çalışan insanların əməyinə dəyər verilməsi, onların yubileylərinin qeyd olunması təhsil işçilərinə göstərilən hörmət və ehtiramın ifadəsidir.
Natiqlər Beyxan Əzizova və Tamella İsmayılovanın uzunmüddətli səmərəli fəaliyyətləri ilə təhsilin inkişafına mühüm töhfələr verdiklərini, peşəkarlıqları və fədakar zəhmətləri ilə həmkarlarının rəğbətini qazandıqlarını bildirərək onlara möhkəm can sağlığı, uzun ömür və gələcək həyatlarında uğurlar arzulayıblar.
Tədbirin sonunda ETİHİ Qax Rayon Komitəsi tərəfindən yubilyarlara təltif və xatirə hədiyyələri təqdim olunub. Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən də yubilyarlara xoş arzular çatdırılıb və xatirə hədiyyələri təqdim edilib.
Sonda xatirə şəkilləri çəkdirilib.









