Xəbərlər
Qaxda Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü münasibətilə tədbir keçirilib.

ETİHİ Qax Rayon Komitəsi tərəfindən Qax rayonu üzrə Təhsil Sektoru ilə birgə məktəb rəhbərləri üçün Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü münasibətilə tədbir keçirilib.
Aprelin 28-də Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qeyd olunan bu əlamətdar gün çərçivəsində təşkil edilən görüş “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” devizi altında baş tutub.
Tədbirdə Qax rayonu üzrə təhsil sektorunun müdiri Babək Heydərov, ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva və Turaclı kənd tam orta ümumtəhsil məktəbinin direktoru İlham Məmmədov məruzə ilə çıxış ediblər.
Çıxışlarda əməyin mühafizəsi və sağlamlığı sahəsində görülən işlər, mövcud problemlər, xüsusilə psixososial risklərin azaldılması istiqamətində atılan addımlar geniş şəkildə təqdim olunub. Natiqlər sağlam iş mühitinin yaradılmasının əməkdaşların fəaliyyətinə müsbət təsir göstərdiyini və bu istiqamətdə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Eyni zamanda məruzələr ətrafında çıxışlar edilib, iştirakçılar tərəfindən müxtəlif təklif və tövsiyələr səsləndirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda belə tədbirlərin davamlı keçirilməsinin vacibliyi qeyd olunaraq, sağlam və təhlükəsiz iş mühitinin təmin edilməsinin prioritet məsələ olduğu diqqətə çatdırılıb.









