Xəbərlər
Qaxda valideyn konfransı keçirilib.

Aprelin 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı və ETİHİ Qax rayon komitəsinin iştirakı ilə Qax rayonunda “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması”, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” və “Zərərli vərdişlərlə mübarizə” mövzularında valideyn konfransı keçirilib.
Tədbirdə təhsil müəssisələrinin nümayəndələri, müəllimlər, tərbiyəçi-müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçisi və hüquqşünası Mətin Əhmədli, Qax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Allahverdiyev, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, RTİ-nin Qax rayonu üzrə təhsil sektorunun müdiri Babək Heydərov, Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva və Qax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Tərlan Hüseynov tədbirdə çıxış ediblər.
Çıxışlarda rəqəmsal texnologiyaların təhsildə yaratdığı geniş imkanlarla yanaşı, uşaqların emosional və sosial inkişafına təsir edə biləcək risklər də diqqətə çatdırılıb. İnternetdən həddindən artıq istifadə, sosial şəbəkələrdə yayılan yanlış məlumatlar, kibertəhlükələr və uşaqların real sosial mühitdən uzaqlaşması valideynlərin xüsusi diqqət yetirməli olduğu əsas məsələlər kimi qeyd olunub. Bildirilib ki, rəqəmsal bacarıqlar müasir təhsilin vacib hissəsi olsa da, onların düzgün və balanslı istifadəsi müəllim və valideynlərin birgə məsuliyyətidir.
Eyni zamanda məktəblərdə nizam-intizamın gücləndirilməsi, şagird davranışlarının düzgün istiqamətləndirilməsi və valideyn–məktəb əlaqələrinin sistemli şəkildə qurulmasının vacibliyi vurğulanıb. Valideyn konfranslarının əsas məqsədi təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirmək, valideynlərin təhsil prosesinə aktiv cəlb olunmasını təmin etmək və uşaqların hərtərəfli inkişafına dəstək verməkdir.
#AHİK #ETİHİ #Qax #EduAz #ŞəkiZaqatalaRTİ #MÜTDA #Məktəb #Şagird #Valideyn #Konfrans



