Xəbərlər
Qaxda valideyn konfransı keçirilib

ETİHİ Qax Rayon Komitəsinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə sektorunun təşkilati dəstəyi ilə Qax şəhəri T. İsmayılova adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində valideyn konfransı keçirilib.
Konfransın keçirilməsində məqsəd uşaqların təlim-tərbiyəsində valideyn məsuliyyətinin artırılması, ailə və məktəb arasında əməkdaşlığın möhkəmləndirilməsi, uşaqların hüquq və mənafelərinin qorunması, onların sağlam və təhlükəsiz mühitdə inkişafının təmin edilməsi ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi olub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qax Rayon Təşkilatının sədri Natiq Allahverdiyev, Qax Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun baş inspektoru, polis leytenantı Tərlan Hüseynov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə sektor müdiri Babək Heydərov, İlisu kənd Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin psixoloqu Aysel Məmmədova və T. İsmayılova adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Faiq Sofiyev çıxış ediblər.
Konfransda təhsildə ailənin rolu və əməkdaşlıq yolları, gender bərabərliyi və uşaqlar üçün bərabər imkanların yaradılmasında valideynlərin rolu, tədris motivasiyası və öyrənməyə marağın artırılması, uşaqların psixoloji və emosional inkişafı, rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması, sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri, erkən nikahın qarşısının alınması, uşaqların hüquq və mənafelərinin təmin edilməsində valideynlərin məsuliyyəti kimi aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Çıxışlarda qeyd olunan məsələlərin həllində valideynlərin üzərinə düşən vəzifələr, ailə-məktəb əməkdaşlığının vacibliyi, uşaqların mənəvi, psixoloji və fiziki inkişafına göstərilən diqqətin əhəmiyyəti vurğulanıb.
Tədbirdə həmçinin qeyd olunub ki, sağlam təhsil mühitinin formalaşdırılması yalnız təhsil müəssisələrinin deyil, bütövlükdə cəmiyyətin, xüsusilə də ailələrin üzərinə düşən mühüm vəzifədir. Uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və gələcəkdə cəmiyyətə layiqli vətəndaş kimi yetişməsi üçün valideyn, müəllim və ictimaiyyət arasında sıx əməkdaşlıq vacibdir.
ETİHİ Qax Rayon Komitəsi təhsil işçilərinin hüquq və mənafelərinin müdafiəsi ilə yanaşı, təhsil müəssisələri, valideynlər və ictimaiyyət arasında əməkdaşlığın inkişaf etdirilməsini, maarifləndirmə işinin genişləndirilməsini və sağlam təhsil mühitinin formalaşdırılmasını diqqət mərkəzində saxlayır.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.













