“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda Vətən müharibəsi şəhidinə anım mərasimi keçirilib

16/11/2026, 21:11
xeber1

Qax rayonunun Zərnə kəndindən olan Vətən müharibəsi şəhidi Hacıəhmədli Hacıəhməd Həsən oğlunun şəhadətə ucalmasının ildönümü münasibətilə anım mərasimi keçirilib.

ETİHİ Qax Rayon Komitəsinin və üzv təşkilatlarının nümayəndələri də anım tədbirində iştirak ediblər. Qeyd edək ki, şəhidin valideynləri Həsən Səmədov və İlkinbar Səmədova Zərnə kənd tam orta ümumtəhsil məktəbində çalışan həmkarlar ittifaqı üzvləridir.

Anım mərasimində şəhid ailələri, rayon üzrə müəssisə, təşkilat və qurumların rəhbərləri və nümayəndələri, rayon sakinləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir çərçivəsində şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib və ruhuna dualar oxunub.

Çıxışlarda Hacıəhmədli Hacıəhməd Həsən oğlunun həyat və döyüş yolundan, Vətənə bağlılığından, göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub. Vurğulanıb ki, Vətən torpaqlarının azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

ETİHİ Qax Rayon Komitəsinin və üzv təşkilatlarının nümayəndələri şəhidin ailəsinə ehtiramlarını ifadə edib, valideynlərinə dərin hüznlə başsağlığı verərək səbir və dözüm arzulayıblar.

Şəhidin həyat və döyüş yolu

Hacıəhmədli Hacıəhməd Həsən oğlu 6 aprel 1998-ci ildə Qax rayonunun Zərnə kəndində anadan olub. 2004-cü ildə Zərnə kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. Doqquz illik təhsilini başa vurduqdan sonra Bakı şəhərində yerləşən 272 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib.

Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Texniki Universitetinin Maşınqayırma və robototexnika fakültəsinə qəbul olunub. 2019-cu ildə ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətini davam etdirib.

Vətən müharibəsi zamanı Qubadlı, Füzuli və Şuşa şəhərlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Hacıəhmədli Hacıəhməd Həsən oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Şəhidin nəşi 13 noyabr 2020-ci ildə doğulduğu Qax rayonunun Zərnə kəndində torpağa tapşırılıb.

Şəhidlərimizin şərəfli həyat yolu, Vətənə sonsuz sevgisi və qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Onların əziz xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: