Xəbərlər
Qax–İlisu istiqamətində müəllimlər üçün istirahət turu təşkil olunub

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Niyaz Həsənov adına Üngütlü kənd ümumi orta ümumtəhsil məktəbinin 22 nəfərdən ibarət müəllim kollektivi ölkəmizin zəngin təbiəti, saf havası və turizm imkanları ilə seçilən Qax rayonu və İlisu kəndinə istirahət və ekskursiya məqsədli səfər edib.
Təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili, sağlam istirahətlərinin təmin olunması və kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunan səfər iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb.
Səfər proqramı çərçivəsində müəllimlər Qax rayonunun və İlisu kəndinin füsunkar təbiəti, sərin dağ havası, gur meşələri, gur axarlı çayları və ecazkar mənzərələri ilə yaxından tanış olublar. Bölgənin tarixi və mədəni irsi haqqında məlumat əldə edən iştirakçılar Azərbaycanın bu gözəl guşəsinin turizm potensialını yüksək qiymətləndiriblər. Təbiətin qoynunda keçirilən istirahət proqramı müəllimlərin gündəlik iş gərginliyindən uzaqlaşmasına, mənəvi rahatlıq tapmasına və yeni enerji ilə peşə fəaliyyətlərinə qayıtmalarına şərait yaradıb.
Səfər zamanı kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyət və əməkdaşlıq münasibətləri daha da möhkəmlənib, xoş və unudulmaz anlar yaşanıb. Müəllimlər bu cür sosial layihələrin onların motivasiyasının yüksəldilməsində, kollektiv ruhunun gücləndirilməsində və sağlam həyat tərzinin təşviqində mühüm əhəmiyyət daşıdığını vurğulayaraq göstərilən diqqət və qayğıya görə ETİHİ Göyçay Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
ETİHİ Göyçay Rayon Komitəsi təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, sağlam istirahətlərinin təmin olunması və həmkarlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi layihə və təşəbbüsləri bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.








