“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

QƏHRƏMANLIQ DASTANI YAZANLAR UNUDULMUR!

11/11/2026, 17:50
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin numayəndə heyəti, şəhid Anar Cəfərovun həyat yoldaşı Xuduyeva Samirə,Ağcabədi rayon Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru Rəşadət Musayevin və məktəbin həmkarlar təşkilatının üzvlərindən ibarət bir qrupun iştirakı ilə məktəbin müəllimi Babayeva Əzizin övladı, şəhid kapitan Samir Mikayıllının anım günündə iştirak edildi.

İlk olaraq şəhidin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad olunub. Görüş zamanı Gülbikə Məmmədova Samir Mikayıllı haqqında xatirələrini bölüşərək onun həyat və qəhrəmanlıq yolundan danışıb.

Məktəbin direktoru Rəşadət Musayev və həmkarlar təşkilatının üzvləri şəhidin anım mərasimində iştirak edərək onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Belə anım mərasimlərinin keçirilməsində əsas məqsəd Vətənə sədaqətin, igidliyin və fədakarlığın canlı nümunəsi olan qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, onların şərəfli həyat və döyüş yolunu təbliğ etmək, Vətən sevgisini gələcək nəsillərə catdırmaqdır.

Kapitan Samir Mikayıllı – Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabiti olub. O, 1 yanvar 1993-cü ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. İlk təhsilini doğma kəndində alıb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Türkiyənin Kara Harp Okulunda təhsil alıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəman zabit Füzuli, Qubadlı, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Şuşanın azadlığı uğrunda aparılan ağır döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 8 noyabr 2020-ci ildə vaxtından əvvəl kapitan hərbi rütbəsinə yüksəldilib.

9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. 11 noyabr 2020-ci ildə doğulduğu Salmanbəyli kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medalları və digər yüksək dövlət təltiflərinə layiq görülüb.

Samir Mikayıllı kimi igid oğullarımızın adı, qəhrəmanlığı keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: