Xəbərlər
“Qərbi Azərbaycan İrsi Məktəblərdə”.

“Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, o gün gələcək və Qərbi azərbaycanlılar böyük coşğu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”
İlham Əliyev
Ağcabədi rayon Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseydə “Qərbi Azərbaycan İrsi Məktəblərdə” mövzusunda ümumrayon tədbiri keçirilib.
Tədbir Qərbi Azərbaycan İcması, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi və Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin sədri Arzu Niftalıyeva bildirib ki, tədbirin əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin, milli-mədəni irsimizin və soydaşlarımızın yaşadıqları tarixi torpaqlar haqqında məlumatların müəllimlər və məktəblilər arasında geniş təbliği, şagirdlərdə milli yaddaşın formalaşdırılması, vətənpərvərlik ruhunun daha da gücləndirilməsidir.
Daha sonra Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon üzrə nümayəndəsi Radə Qafarova çıxış edərək Qərbi Azərbaycanın tarixi, azərbaycanlıların həmin torpaqlarda yaratdığı zəngin mədəni irs, soydaşlarımızın deportasiyalara məruz qalması və bu həqiqətlərin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs edib. Çıxışı zamanı Qərbi Azərbaycanın tarixi və mədəni irsinə dair müxtəlif kitablar nümayiş etdirilib, iştirakçılara həmin nəşrlər haqqında ətraflı məlumat verilib.
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov çıxışında gənc nəslin milli ruhda tərbiyə olunmasının, tarixi həqiqətlərin məktəblərdə geniş şəkildə təbliğinin və Qərbi Azərbaycan mövzusunun gələcək nəsillərə düzgün formada çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən məktəb-liseyin təqaüddə olan əməkdar müəllimləri Zəhra İbrahimova və Camal Abbasov Qərbi azərbaycanlılarla bağlı xatirələrini bölüşüblər. Onlar deportasiya dövründə Qərbi Azərbaycandan olan ailələrin Ağcabədi rayonu ərazisində məskunlaşması, yeni mühitə uyğunlaşma prosesi və həmin insanların üzləşdikləri çətinliklər barədə danışıblar. Eyni zamanda, mövzunun məktəblərdə tədrisinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Yekunda Ağcabədi rayon Hacıbədəlli kənd tam orta məktəbinin müəllimi, əslən Qərbi azərbaycanlı olan Həqiqət Murtuzova çıxış edərək milli irsin gələcək nəsillərə çatdırılmasında müəllimlərin mühüm rolundan danışıb. O, doğulduğu Qərbi Azərbaycan torpaqları, ata yurdu və uşaqlıq xatirələri ilə bağlı duyğularını tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirdə xüsusi qeyd olunub ki, məktəblərdə Qərbi Azərbaycan mövzusunda açıq dərslərin təşkili, müxtəlif müsabiqələrin keçirilməsi və maarifləndirici tədbirlərin genişləndirilməsi şagirdlərin tarixi yaddaşının formalaşdırılması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması, milli həmrəyliyimizin qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcudur.
Azərbaycanı dünya siyasətinin mürəkkəb yollarından yüksək məharətlə keçirərək ölkəmizə qələbə sevincini yaşadan, Azərbaycanı qalib dövlət, xalqımızı isə məğrur xalq kimi tanıdan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub.















