Xəbərlər
Qərbi Azərbaycanın maarifçilik irsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Mədəni İrsinin Araşdırılması Mərkəzinin təşkilatçılığı və Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyinin birgə əməkdaşlığı ilə Qərbi Azərbaycanın maarifçilik irsinə həsr olunmuş növbəti tədbir keçirilib.
Tədbirin əsas məqsədi Qərbi Azərbaycanın tarixi ərazisində mövcud olmuş məktəblərin, təhsil ocaqlarının və maarifçilik ənənələrinin zəngin irsinin araşdırılması, tarixi sənədlər əsasında öyrənilməsi, sənədləşdirilməsi və ictimaiyyətə çatdırılması olub. Eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni yaddaşının qorunması, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması və Qərbi Azərbaycanın təhsil tarixinin öyrənilməsinə diqqətin artırılması məsələləri vurğulanıb.
Tədbirdə AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili və Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyinin sədri Etibar Məmmədov çıxış ediblər.
Çıxışlar zamanı Qərbi Azərbaycanın tarixi və mədəni irsinin araşdırılmasının əhəmiyyəti, bölgədə mövcud olmuş məktəblərin Azərbaycan maarifçilik tarixindəki yeri və bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, tarixi mənbələrin toplanması, arxiv materiallarının araşdırılması və əldə olunan məlumatların ictimaiyyətə təqdim edilməsi milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə universitet gənclərinin maarifləndirilməsi və onların tədqiqat prosesinə cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, Qərbi Azərbaycan Mədəni İrsinin Araşdırılması Mərkəzi AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərir. Mərkəz Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, təhsil ənənələri və digər irs nümunələrinin araşdırılması, bu istiqamətdə maarifləndirici tədbirlərin təşkili, tarixi məlumatların toplanması və gənclər arasında milli-mədəni irsə marağın artırılması istiqamətində fəaliyyətini davam etdirir.





