Xəbərlər
“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsinin Göygöl rayonu üzrə seçim mərhələsi təşkil olunub

Göygöl rayonu üzrə Təhsil Sektoru, Qərbi Azərbaycan İcmasının Göygöl rayonu üzrə nümayəndəliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən seçim mərhələsində məktəblilərin hazırladıqları maketlərə baxış keçirilib.
Müsabiqənin Əsasnaməsinin tələblərinə uyğun olaraq təqdim olunan işlərdə Qərbi Azərbaycanın tarixi-mədəni irsi, memarlıq nümunələri, müdafiə tikililəri və digər tarixi abidələr əks olunub. Şagirdlərin hazırladıqları maketlərin texniki keyfiyyəti, estetik görünüşü, obyektin təqdimatı, mövzuya uyğunluğu və məzmun dərinliyi nəzərdən keçirilib.
Seçim zamanı məktəblilərin yaradıcılıq qabiliyyəti, tədqiqat və layihələndirmə bacarıqları, tarixi-mədəni irsimizə marağı diqqət mərkəzində olub. Təqdim edilən işlər arasından müsabiqənin növbəti mərhələsində Göygöl rayonunu təmsil edəcək layihələr müəyyənləşdirilib.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi məktəblilər arasında Qərbi Azərbaycanın zəngin tarixi-mədəni və memarlıq irsinin tanıdılması, milli tarixi yaddaşın qorunması, eləcə də gənc nəslin memarlıq və şəhərsalma sahələrinə marağının artırılmasıdır.
Bu təşəbbüs məktəblilərin həm yaradıcı düşüncələrinin, həm də tarixi irsimizə bağlılığının inkişafına mühüm töhfə verir.





