“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Qızların Təhsilinə Dəstək” layihəsinin beşillik yubileyinə həsr olunmuş tədbir keçirilib

22/10/2026, 18:50
xeber1

2026-cı il oktyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə reallaşdırılan “Qızların Təhsilinə Dəstək” layihəsinin beş illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Qızların Təhsilinə Dəstək” layihəsinin beş il ərzində keçdiyi inkişaf yolunu, əldə olunan nailiyyətləri və qızların təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri əks etdirən qısametrajlı film nümayiş etdirilib.

 

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, qızlar məktəbinin 125 illiyinin və “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyinin mühüm tarixi və ictimai əhəmiyyət daşıdığını bildirib. O, qızların təhsilinin cəmiyyətin tərəqqisinin, milli inkişafın və gələcək nəsillərin rifahının əsas şərtlərindən biri olduğunu vurğulayaraq, Tağıyevin maarifçilik ideyalarının bu gün də öz aktuallığını qoruduğunu diqqətə çatdırıb.


Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, qızların təhsilinə dəstəyin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahəyə yatırılan investisiyalar yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət edir. O, qızların təhsilinin cəmiyyətin intellektual potensialının gücləndirilməsi və gələcək nəsillərin inkişafı baxımından da xüsusi əhəmiyyət daşıdığını qeyd edib.


Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli layihənin qızların təhsil imkanlarının genişləndirilməsi, onların potensialının üzə çıxarılması və təhsildə bərabər imkanların təmin olunmasında oynadığı mühüm rola diqqət çəkib.


Layihəyə qoşulmağın hər il onlarla tələbəyə təhsil dəstəyi göstərmək baxımından mühüm imkan yaratdığını bildirən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev belə mütərəqqi təşəbbüsün bir parçası olmaqdan məmnunluğunu ifadə edib. O, tələbələri bir araya gətirən geniş birliyin formalaşmasının və onların peşəkar təcrübə qazanmasına imkan yaradılmasının əhəmiyyətini vurğulayaraq, təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verib.

 

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub, təhsilin insana seçim imkanları qazandırdığını vurğulayaraq, bu təşəbbüsün qızların potensialına inamın və onların gələcəyinə verilən dəyərin göstəricisi olduğunu qeyd edib.


Daha sonra Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının iştirakçıları Bakı Dövlət Universitetinin tələbəsi Nuray Şirinli və Azərbaycan Dillər Universitetinin tələbəsi Çinarə Məmmədova layihənin onların həyatına və şəxsi inkişafına təsirindən bəhs ediblər. İştirakçılar layihənin qızların öz potensiallarına inanması, bilik və bacarıqlarını inkişaf etdirməsi, gələcək hədəflərinə daha inamla irəliləməsi üçün mühüm platforma olduğunu vurğulayıblar.

 

Yubiley tədbiri bədii hissəsi ilə yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: