Xəbərlər
Quba rayonunda "Sağlam psixososial iş mühiti" ilə əlaqədar tədbir keçirilib.

22 aprel 2026-cı il — Quba. Quba rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə "28 aprel — Əməyin Mühafizəsi Günü" münasibətilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” devizi altında tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Komitənin Hüquq şöbəsinin müdiri Fuad Nəsirov, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Komitənin Baş Texniki Əmək Müfəttişi Rəşad Səlimov, Hüquq şöbəsinin mütəxəssisi Mirvüqar Seyidov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin rəis müavini Ruhid Hacəliyev, Dövlət Əmək Müfəttişliyinin Quba-Xaçmaz Regional İdarəsinin rəisi Təngiz Nəzərov, ADPU Quba filialının direktoru, professor Yusif Alıyev, Quba 1 saylı Mediasiya Təşkilatının rəhbəri Hümmət Əliyev, həmçinin təhsil müəssisələrinin rəhbərləri, psixoloqlar, təsərrüfat işləri üzrə direktor müavinləri və ETİHİ-nin rayon komitələrinin sədrləri iştirak edib.
Çıxış edən natiqlər sağlam psixososial iş mühitinin formalaşdırılmasının, əmək şəraitində psixoloji rifahın, emosional sabitliyin və sağlam münasibətlərin qorunmasının, eləcə də işçi hüquqlarının təmin edilməsinin əhəmiyyətini vurğulayıblar. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir xatirə şəkli ilə başa çatıb.






