Xəbərlər
Ramazan ruhunda birlik – iftar süfrəsi təşkil olunub
Müqəddəs Ramazan ayının bərəkətli günlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşəbbüsü ilə geniş tərkibli iftar süfrəsi təşkil olunub.
İftar süfrəsində Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavinləri və əməkdaşları, Yeni Azərbaycan Partiyasının nümayəndələri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mətbuat xidmətinin heyəti, qazilər, şəhid ailələri, həmçinin məktəbəqədər və ümumtəhsil müəssisələrinin direktorları və ilk təşkilat sədrləri iştirak ediblər.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, azan sədası altında iftar açılıb və dualar edilib.
ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli çıxış edərək Ramazan ayının mənəvi dəyərlərindən, eləcə də cəmiyyətdə birlik və həmrəyliyin rolundan danışıb. O bildirib ki, bu kimi görüşlər təhsil işçiləri arasında qarşılıqlı hörmətin artırılmasına, peşəkar əməkdaşlığın güclənməsinə və sosial əlaqələrin inkişafına xidmət edir.
Sonda qonaqlar təşkilatçılara təşəkkürlərini bildirərək belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar. Onlar Ramazan ayının hər kəsə səmimiyyət, əmin-amanlıq və bərəkət gətirməsini arzulayıblar.



